×
A
A
A
Sazlamalar

Qətərin “The Peninsula” qəzetində 31 mart soyqırımı barədə məqalə dərc edilib

Bakı, 2 aprel, AZƏRTAC

Qətərin ingilisdilli “The Peninsula” qəzetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə dünya azərbaycanlılarının Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktının 100 illiyini qeyd etdiyi bildirilir. Azərbaycanlılara qarşı soyqırımı aktlarının və deportasiyanın ölkə tarixinə ağrılı səhifələr kimi daxil olduğu vurğulanır. XIX əsrin əvvəllərindən etibarən minlərlə erməni ailəsinin İran və Türkiyədən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur və İrəvan kimi tarixi torpaqlarına köçürüldüyü və bundan əsas məqsədin həmin ərazilərdə “böyük Ermənistan” dövlətinin yaradılması olduğu qeyd edilir.
Yazıda azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə qırğınların törədildiyi və bunların arasında 1918-ci il martın 31-də Bakıda və digər ərazilərdə törədilmiş soyqırımı aktının nəticələrinin daha ağır olması ilə seçildiyi diqqətə çatdırılır. Həmin hadisələr zamanı minlərlə azərbaycanlının amansızcasına qətlə yetirildiyi, şəhər və kəndlərin dağıdıldığı bildirilir.
Məqalədə sözügedən soyqırımı aktının indiyədək beynəlxalq müstəvidə lazımi hüquqi qiymətini almadığı qeyd edilir, həmin cinayətlərin soyqırımı aktı kimi tanınacağına və cinayətkarların layiqli cəzalarını alacağına inam ifadə olunur. Azərbaycanlıların ölkələrinin ərazi bütövlüyünün və suverenliyinin bərpa ediləcəyinə və bir milyondan artıq məcburi köçkün və qaçqının öz doğma yurdlarına qayıdacağına əmin olduqları diqqətə çatdırılır.

Qan yaddaşı 2018-04-02 14:35:00