×
A
A
A
Sazlamalar

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti zaman-zaman mərhələlərlə davam edib

Bakı, 2 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi elmi şurasının 31 mart soyqırımının 100-cü ildönümünə həsr olunan növbəti iclası Quba Soyqırımı Memorial Kompleksində keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə həmin fakültənin dekanı, dosent Şirinbəy Əliyev Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamında məsələyə kompleks münasibətin ifadə olunduğunu deyib. Diqqətə çatdırılıb ki, sənəddə XX əsrdə cərəyan edən hadisələrin soyqırımı, deportasiya və etnik təmizləmə xarakteri daşıdığı çox obyektiv əks olunub. Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən dəhşətli faciələrindəndir.
Ş.Əliyev 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamlarının əsas məqsədinin azərbaycanlıları bir milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olduğunu bildirib.
BSU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin zaman-zaman mərhələlərlə davam etdiyini vurğulayıb. O, 1937-ci il repressiyalarında da ermənilərin fəal iştiraklarını, Azərbaycan ziyalılarına qarşı düşünülmüş plan əsasında hərəkət etdiklərini bildirib. 1946-1948-ci illərdəki deportasiya hadisələrini soyqırımların başqa bir şəkli olduğunu deyən H.Məmmədov həmin hadisələrdə də xeyli insanın həlak edildiyini vurğulayıb. O, bu faciələrin baş verməsindən indiyədək yüz minlərlə azərbaycanlının qətlə yetirildiyini, məscidlərin, qəbiristanlıqların dağıdıldığını, kəndlər, qəsəbələrin viran edildiyini bildirib.
Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından kompleksədək davam edən yürüşə qatılıb, soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksdə quraşdırılmış müasir texnologiyadan istifadə olunmaqla müxtəlif bölgələr üzrə soyqırımı faktlarını əks etdirən guşələrlə, burada sərgilənən “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” fotosərgisi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun təşkil etdiyi, azərbaycanlıların soyqırımına dair kitab sərgisi ilə tanış olublar.
BSU əməkdaşları, həmçinin 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransına qatılıblar.

Qan yaddaşı 2018-04-02 13:49:00