×
A
A
A
Sazlamalar

Ukrayna və Sloveniya jurnallarında azərbaycanlıların soyqırımı barədə məqalələr dərc edilib

Kiyev, 1 aprel, AZƏRTAC

Ukraynanın elmi jurnallarında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı məqalələri dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Elmlər Akademiyasının M.P.Draqomanova adına Milli Pedaqoji Universitetinin “Qileya”, Dneprpetrovsk Humanitar Universitetinin “Hüquq və cəmiyyət”, Sloveniyanın “European Science” elmi jurnallarında Ukrayna və ingilis dillərində dərc edilən məqalələrdə erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları haqqında tarixi faktlar yer alıb.
Müəllif qeyd edir ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb.
Məqalələrdə vurğulanır ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilib, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman soyqırımı ilə bağlı tədqiqatların aparılmasına, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Qan yaddaşı 2018-04-01 12:37:00