×
A
A
A
Sazlamalar

Ermənilərin törətdikləri 31 mart soyqırımı bəşər tarixində ən qanlı cinayətlərdəndir

Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “XX əsrin əvvəllərində Bakı quberniyasında türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı siyasəti” mövzusunda anım tədbiri keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Pərviz Həmzəyev tədbirdə çıxış edərək 31 mart soyqırımının erməni terrorçularının və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətinin növbəti təzahürü olduğunu bildirib. O, bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov soyqırımla bağlı tarixi faktlar və rəsmi arxiv sənədləri əsasında məruzə ilə çıxış edib. Tarixçi-alim bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin və onların havadarlarının türk-müsəlman əhaliyə qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biridir. Təcavüzkar ermənilərin gözü daim qonşularının torpaqlarında olub. Onlar bu yolda heç bir cinayət, rəzillik və fitnə-fəsaddan çəkinməyiblər. XX əsrdə bolşevik-daşnak cinayətkarlarının mərhələli şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti bəşər tarixində ən qəddar cinayətlərdəndir.
Tədbirin sonunda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən bəhs edən “Martın son günü” sənədli filmi nümayiş olunub.

Qan yaddaşı 2018-03-31 22:06:00