×
A
A
A
Sazlamalar

Mart soyqırımı xalqımızın tarixində ən faciəli səhifələrdən biridir

Naxçıvan, 31 mart, AZƏRTAC

Tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı bir çox soyqırımı cinayətləri törədilib. 1918-ci ilin 31 mart soyqırımı xalqımızın tarixinə ən faciəli səhifələrdən biri kimi yazılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Tənənəm kəndində keçirdiyi tədbirdə səsləndirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilib. Sonra təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzəsində 1905-1907 və 1918-1920-ci illərdə törədilmiş soyqırımı barədə tarixi faktları diqqətə çatdırıb. Həmçinin vurğulanıb ki, ötən əsrin 90-cı illərində ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana qarşı növbəti ərazi iddialarını genişləndirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədildi, Dağlıq Qarabağ və ona bitişik rayonlar işğal edildi. Bu gün ermənilər əzəli Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayırlar.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri qeyd edib ki, bu vəhşilik və vandalizm hadisələri uzun illər hüquqi-siyasi qiymətini almayıb. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı xalqımıza qarşı erməni vandalizminin ifşa olunması, soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması, 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm tarixi sənəddir.
Tədbirdə Tənənəm kənd ərazi ilk partiya təşkilatının sədri Nazim Eyvazov, kənd tam orta məktəbinin tarix müəllimi Şükür İsmayılov və digərləri çıxış ediblər. Bildirilib ki, bu gün xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir.

* * *

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 220-ci məşğələsi olub.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək 1918-ci il martın 31-də baş vermiş qanlı hadisənin ermənilərin xalqımızın əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb. Rektor tarixi hadisələrin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb və tələbələrə xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılmasında fəal olmalarının vacibliyini bildirib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycanlılar təkcə ötən əsrdə dörd dəfə – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulması, qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalıb.
Sonda soyqırımı haqda film nümayiş olunub.

Regionlar 2018-03-31 13:49:00