×
A
A
A
Sazlamalar

Mart soyqırımı ilə bağlı interaktiv dərs keçmişinə sahib dur

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “31 Mart Soyqırımı-100 il: Keçmişinə sahib dur, gələcəyini qur!” interaktiv dərsi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev xalqımızın tarixindəki faciəli günlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu faciəli günlər arasında 31 mart soyqırımı xüsusi amansızlığı və qəddarlığı ilə seçilir. Mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə xalqımızın başına gətirdikləri ən böyük faciələrdən biridir. Bu soyqırımı zamanı 50 min azərbaycanlı qətlə yetirilib. Lakin heç bir faciə xalqımızın milli özünüdərki və müstəqil dövlət qurmaq əzmini qıra bilməyib. Mart soyqırımı Azərbaycanda milli hakimiyyət qurulmasının vacibliyini ortaya qoyub. Yusif Alıyev deyib: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyətin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin AXC-nin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sonadək təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 1998-ci il martın 26-da xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonra Əhməd Cavadın “Susmaram” şeiri səsləndirilib, “Soyqırımı” hekayəsi dinlənilib, intellekt-xəritə, oxşarlıqlar üçbucağı, klaster, “T” modeli, statistika mövzularında təqdimatlar edilib. Təqdimatlarda zaman və məkan daxilində mart soyqırımının başvermə səbəbləri və nəticələri ətraflı təhlil olunub. Qeyd edilib ki, 1918-ci ilin mart hadisələri xalqımıza çox ağır itkilər verib. Belə ki, minlərlə soydaşımız günahsız olaraq öldürülüb, didərgin düşüb, onlara əvəzi heç nə ilə ödənilə bilməyəcək maddi və mənəvi ziyan vurulub. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirib, evləri qarət edib, on minlərlə şəxsi evlərindən qovublar. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər öldürülüb. Onlardan 1653-ü qadın, 965-i uşaq olub. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib. Erməni dəstələri bir çox tikililərə - “İsmailiyyə” binasına, “Təzəpir” məscidinə od vurublar. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib, cinsindən və yaşından asılı olmayaraq, əhaliyə divan tutulub. İrəvan quberniyasında 211, Qarsda isə 92 azərbaycanlı kəndi dağılıb. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilib ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131970 nəfər öldürülüb. Ermənilər əldə olunmuş sazişə əməl etməyərək Azərbaycan torpaqlarında terror və zorakılıqlara başlayıblar. 1917-ci ilin sonu - 1918-ci ilin martınadək ermənilər tərəfindən İrəvan quberniyasında 197 kənd talan edilib. Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd qismən dağıdılıb. Ümumilikdə Azərbaycanda 60 yaşayış məskəni tamamilə məhv edilib, 388-i qismən zərər çəkib, 5140 təsərrüfat viran qoyulub. Müsəlmanları qətlə yetirməklə yanaşı, ermənilər onların əmlaklarını da məhv edib, qiymətli əşyalarını özləri ilə aparıblar. Sonralar təkcə bir yerdən torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılıb. Onların qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Hamazaspın cəza dəstəsi Quba şəhərinin və Quba qəzasının 122 kəndini darmadağın edib. Qubada 2 mindən çox adamı-kişi, qadın və uşağı qətlə yetirib və həmin kəndlərin əhalisinə ümumi dəyəri 58121059 manatlıq (rubl) ziyan vurulub. 1918-ci ildən erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi, o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 122, Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilib, 100 minlərlə əhali qırılıb və öz etnik ərazilərindən qaçqın düşüblər.
Tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı elmi-tarixi faktlar əsasında hazırlanan təqdimatları yüksək dəyərləndirərək deyib: “Tarix yalnız keçmiş deyil, bu gündür, sabahdır, gələcəkdir. Biz tarixi faktlardan düzgün istifadə etməyi bacarmalı və tariximizdən layiqli ibrət dərsi almalıyıq”.
A.Aşırlı, həmçinin 31mart soyqırımı zamanı milli mətbuat orqanlarımızın faciə ilə bağlı dərc etdikləri yazılar və xalqımızın tarixinin bu qanlı səhifələrinin ictimailəşdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov ümummilli maraq kəsb edən mövzuya fərqli formada və yaradıcı şəkildə yanaşılmasına görə təşkilatçılara minnətdarlığını bildirib. Rektor deyib: “Bu interaktiv dərs bir yaddaş dərsi, xatırlama dərsidir. Biz bir xalq, millət olaraq güclü olmalı, müstəqil dövlətimizi daha da qüdrətləndirməliyik. Ölkəmizdə sabitlik, qanunçuluq, iqtisadi inkişaf təmin edilib. Azərbaycan mühüm və böyük beynəlxalq layihələri uğurla həyata keçirir, ölkəmizin siyasi nüfuzu yüksəlir”.
Sonda təqdimatlarına görə tələbələrə sertifikatlar verilib.

Qan yaddaşı 2018-03-30 16:50:00