×
A
A
A
Sazlamalar

Mingəçevirdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Mingəçevir, 30 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında təşkil edilən anım mərasimində 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi önünə gül dəstələri düzən tədbir iştirakçıları ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov 100 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. Qanlı hadisələrin xronologiyasına nəzər salan icra hakimiyyətinin başçısı bildirib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları şəhər və kəndlərə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək amansızlıqla qətlə yetiriblər.
Çıxış edən ictimaiyyət nümayəndələri vurğulayıblar ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi, Kürdəmir, Göyçay və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Qan yaddaşı 2018-03-30 16:24:00