×
A
A
A
Sazlamalar

DİA-nın rektoru: Ermənilər əsrlərboyu işğalçılıq siyasəti aparıb, torpaqlarımızda günahsız qanlar axıdıblar

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş “Ermənistanın Azərbaycana təcavüzünün nəticələri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirib ki, bədnam ermənilər əsrlərboyu işğalçılıq siyasəti aparıb, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər. Düşmən “böyük Ermənistan” yaratmaq xülyaları ilə 1918-ci ildə Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və ölkəmizin digər şəhər və rayonlarında on minlərlə dinc azərbaycanlını etnik və milli mənsubiyyətinə görə qətlə yetirib, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscidləri dağıdıblar.
Akademik U.Ələkbərov ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli qırğınlara siyasi qiymət verildiyini və martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunduğunu diqqətə çatdırıb.
Qəsbkar ermənilərin öz bədnam, məkrli məqsədlərindən əl çəkmədiklərini qeyd edən rektor düşmənin bu gün də torpaqlarımızda törətdiyi qanlı faciələrdən danışıb.
Qeyd olunub ki, 1992-ci ilin fevralında ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədilib.
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının əhəmiyyətini qeyd edən akademik U.Ələkbərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyini vurğulayıb.
Konfransda DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, professor Musa Quliyev məruzələrlə çıxış edərək ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktının tarixi köklərindən danışıb, bu qanlı hadisələrin bəşəri cinayət olduğunu bildiriblər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi-elmi katib, tarix elmləri doktoru, professor Həcər Verdiyeva 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı barədə tarixi fakt və dəlilləri diqqətə çatdırıb.
Məruzəçilər son illər dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin dağıdılması faktlarının sənədlərlə sübuta yetirildiyini qeyd ediblər.

Qan yaddaşı 2018-03-30 12:33:00