×
A
A
A
Sazlamalar

İki əsrin faciəsi: 31 mart soyqırımı

Bakı, 29 mart, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində (BXA) 1918-ci il 31 mart soyqırımının 100 illiyi əlaqədar silsilə tədbirlər keçirilib.
BXA-dan AZƏRTAC-a bildirilib ki, “İki əsrin faciəsi: 31 mart soyqırımı” mövzusunda təşkil olunan elmi konfransda akademiyanın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında daşnak erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıb.
Rektor diqqətə çatdırıb ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti tarixboyu davam etsə də, baş verənlərə lazımi qiymət və tutarlı siyasi sənəd 80 il sonra qəbul olunub. Belə ki, ilk dəfə ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla dövlət səviyyəsində 31 mart soyqırımına siyasi qiymət verilib. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı isə ermənilər tərəfindən tarixi faktları saxtalaşdırmaların qarşısının alınmasına yönəlmiş növbəti addımdır.
BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Vəfa Əliyev, ictimai fənlər kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Maral Manafova, sənətşünaslıq kafedrasının müdiri, dosent Şəhla Əliyeva 31 mart soyqırımı barədə məruzələrlə çıxış ediblər.
Akademiyada “31 mart soyqırımı - XX əsrin unudulmayacaq vəhşiliyidir” mövzusunda təşkil olunan “dəyirmi masa”da bəstəkar Eldar Dadaşovun 31 mart soyqırımının 100 illiyinə həsr etdiyi “Elegiya”, Xalq Artisti Yusif Qasımovun quruluşunda “Yaddaş” xoreoqrafik kompozisiyası və “Yaddaşın rəmzi: Quba -1918” sənədli filmi nümayiş olunub.

Qan yaddaşı 2018-03-29 19:03:00