×
A
A
A
Sazlamalar

Bolqarıstanın din xadimləri Azərbaycanın multikultural dəyərləri barədə məlumatlandırılıblar

Sofiya, 28 noyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova multikultural dəyərlərimizin Bolqarıstanda təbliği çərçivəsində bu ölkənin aparıcı din xadimləri – Sofiya sinaqoqunun baş ravvini Yoel İfrax, İslam dini üzrə baş müfti Mustafa Hacı, Bolqarıstan Pravoslav Kilsəsinin patriarxı və Sofiya mitropoliti Neofit ilə görüşlər keçirib.
Görüşlərdə ölkəmizdəki dini tolerantlıq mühitinin dünyada tanındığını qeyd edən səfir müasir Azərbaycanda din-dövlət münasibətlərinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycan Respublikası Konstitusiyasında hər bir şəxsin irqindən, etnik mənsubiyyətindən, dinindən və ya dilindən asılı olmayaraq hüquq və azadlıqlarının təsbit olunduğunu bildirib.
Səfir 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis olunduğunu deyib. Nərgiz Qurbanova Azərbaycanda dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan Hökuməti tərəfindən ölkəmizdəki məscid, kilsə və sinaqoqlarda təmir-bərpa işlərinin aparılması məqsədilə maliyyə vəsaitlərinin ayrılmasından bəhs edib. Səfir ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan vəsaitlərin ayrıldığını diqqətə çatdırıb. Bununla yanaşı, N.Qurbanova Azərbaycanda yaşayan bütün dini icmalara müvafiq bayramları münasibətilə hər il Prezident İlham Əliyev tərəfindən təbrik məktublarının ünvanlanması ənənəsinin mövcud olduğunu bildirib.
Səfir 2008-ci ildə mədəniyyətlərarası dialoqun qurulması məqsədilə, habelə multikultural, interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusu olan “Bakı prosesi” təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyünü, prosesin Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin qarşılıqlı fəaliyyəti üçün faydalı platforma olduğunu qeyd edib. Son illərdə ölkəmizdə Dünya Dini Liderlərinin Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının təşkil olunduğu bildirilib. O, gələn il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun növbəti toplantısının keçiriləcəyi barədə qarşı tərəfi məlumatlandırıb.
Sofiya sinaqoqunun baş ravvini Yoel İfrax ilə görüşdə N.Qurbanova Azərbaycanda yəhudilərin məskunlaşmasının qədim tarixə malik olduğunu, hazırda ölkəmizdə 20 minə yaxın dağ və Avropa yəhudisinin (aşkenazilər) yaşadığını qeyd edib. Azərbaycanda yəhudi icmasının sərbəst fəaliyyət göstərdiyini, yəhudilərin milli bayram və mərasimlərini qeyd etdiyini, onların ibadəti üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. Ölkəmizdə 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirən səfir ölkə rəhbərliyinin sinaqoqlara qayğısından danışıb.
Diplomat yəhudi mənşəli Yevsey Gindesin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olduğunu, ölkəmizin suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olan Azərbaycan vətəndaşı, yəhudi əsilli Albert Aqarunovun Azərbaycanın milli qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb.
Yəhudilərin Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edən səfir onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal olduqlarını, çoxsaylı yəhudi məktəbləri və təhsil mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.
Bolqarıstan Pravoslav Kilsəsinin patriarxı və Sofiya mitropoliti Neofit ilə görüşündə diplomat ölkəmizdə 13 kilsə və 17 xristian icmasının fəaliyyət göstərdiyi barədə danışıb. O, 1907-ci ildə inşa edilmiş Müqəddəs Mürdaşıyan Zənənlər Başkilsəsinin Bakı Yeparxiyasının mərkəzi olduğunu, Azərbaycan Prezidentinin tapşırığı ilə kilsə nəzdində inşa edilmiş Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzində müxtəlif konfrans və seminarların keçirildiyini, bazar günü dini məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir Qafqazda ilk xristian kilsəsi olan, Şəki rayonunun Kiş kəndində yerləşən Müqəddəs Yelisey Kilsəsinin tarixi barədə məlumat verib və məbədin Apostol Faddeyin tələbəsi Yelisey tərəfindən ucaldıldığını bildirib.
N.Qurbanova səfirlik, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə cari ilin dekabr ayında Sofiya Universitetində “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizmin ənənələri” mövzusunda fotosərginin və “dəyirmi masa”nın keçiriləcəyini deyib, Bolqarıstan Patriarxlığının nümayəndələrini sözügedən tədbirə dəvət edib.
Səfir Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə konservasiya və bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışında Bolqarıstanın Baş naziri Boyko Borisovun dəvəti ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyini diqqətə çatdırıb və bərpadan sonra “Trapezitsa” qoruğunun Balkan bölgəsində ən böyük açıq səma muzeyinə çevrilməsinin önəmini qeyd edib.
Bolqarıstanın baş müftisi Mustafa Hacı ilə görüşündə müasir Azərbaycanın dini tolerantlığı ilə seçildiyini önə çəkən səfir müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda onlarla yeni məscidin tikildiyini və ya əsaslı təmir olunduğunu bildirib. Ölkə ərazisində 2166 məscidin mövcud olduğunu söyləyən diplomat 743-cü ildə inşa edilən və 2013-cü ildə bərpa olunan Şamaxı Cümə məscidinin İslam dünyasının ən qədim məbədlərindən biri kimi tanındığını qeyd edib.
N.Qurbanova Azərbaycan Prezidentinin təşəbbüsü ilə inşa edilmiş Heydər məscidinin Qafqazın ən böyük məscidi olduğunu qeyd edib. Səfir Azərbaycanda sünni və şiə məzhəblərinin
nümayəndələrinin Heydər məscidində hər cümə günü birgə ibadət etməsinin (vəhdət namazı) ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticəsi olduğunu bildirib. O, həmçinin baş müftiyə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi barədə məlumat verib.
Görüşlərdə qarşı tərəflər müvafiq olaraq Bolqarıstanda fəaliyyət göstərən yəhudi, xristian və müsəlman icmalarının fəaliyyəti barədə məlumat verib, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni köklərinin olduğunu vurğulayıblar. Eyni zamanda, Azərbaycanda qədimdən müxtəlif konfessiya və mədəniyyət nümayəndələri arasında nadir qarşılıqlı münasibətlər sisteminin qurulmasını alqışlayaraq, ölkədə bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının digərlərinə nümunə olduğunu bildirib və səfirliklə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluqlarını ifadə ediblər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Multikulturalizm 2016-11-28 13:19:00