×
A
A
A
Sazlamalar

Özbəkistan portalında Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edilib

Daşkənd, 25 noyabr, AZƏRTAC
Özbəkistanın “1news.uz” portalında “Multikulturalizm Azərbaycanda alternativsiz həyat tərzidir” adlı məqalə dərc olunub.
Rus dilində yayılan məqalədə deyilir ki, Azərbaycan dünyada ancaq neft və qazı ilə deyil, həm də multikultural dəyərləri ilə məşhurdur. Tolerantlıq və multikultural dəyərlər Azərbaycanda milliyyətindən asılı olmayaraq, hamını birləşdirən xətdir.
Məqalədə qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu ölkədə yaşayan bütün xalqların milli-mədəni dəyərlərinin inkişafı istiqamətində gördüyü işlər tolerantlığın və multikultural ənənələrin daha da inkişafına zəmin yaradıb.
Bildirilir ki, əsrlər boyu Azərbaycan çoxsaylı sivilizasiya və mədəniyyətlərin qovuşuğunda yerləşib, Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Bu isə burada müxtəlif mədəniyyətlərin formalaşmasına gətirib çıxarıb.
Məqalədə vurğulanır ki, Azərbaycan çoxmillətli, qonaqpərvər ölkədir, bu diyarda yaşayanlar tarix boyu özlərini azad və sərbəst hiss edib, digər millətlərə həmişə tolerant münasibət olub.
Həmçinin diqqətə çatdırılır ki, bu gün Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri öz ana dillərində danışır, milli adət-ənənələrini, mədəniyyətlərini saxlayır və inkişaf etdirir, ölkənin inkişafına töhfələrini verirlər.
Bildirilir ki, Heydər Əliyev Fondu Azərbaycanda multikultural dəyərlərin saxlanması və təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirir.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Multikulturalizm 2016-11-25 03:19:00