×
A
A
A
Sazlamalar

Caner Toker: Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir

Bakı, 22 noyabr, AZƏRTAC

Bu, Azərbaycana ikinci səfərim idi. İlk dəfə Azərbaycanda beynəlxalq multikulturalizm qış məktəbində iştirak etmişəm. Həmin vaxt Azərbaycanın multikulturalizm modeli məni elə heyran etdi ki, buraya ikinci dəfə gəlmək imkanı yarananda bunu əldən buraxmaq istəmədim. Azərbaycanda olduğum müddətdə burada çoxsaylı xalqların dinc yanaşı yaşamasını öz gözlərimlə gördüm. Hansı dinə etiqad etdiklərinə və hansı etnik qrupa mənsub olmalarına baxmayaraq insanların bir-birinə hədsiz hörmət və sevgi ilə yanaşması məni riqqətə gətirdi. Azərbaycanı gəzərkən buranın təbii gözəllikləri ilə yanaşı, insanların qarşılıqlı münasibətində öz əksini tapan mənəvi, mədəni dəyərlərə valeh oldum.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin üzvü, Türkiyənin Erciyes Universitetinin tələbəsi Caner Toker ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşərkən bildirib.
C.Toker deyib: “Nicdəki alban–udi xristian məbədindəki toy mərasimi məni çox təsirləndirdi. Orada müxtəlif dinlərin daşıyıcıları və fərqli etnik kökənli insanlar aralarındakı müxtəlifliyin fərqinə belə varmadan hamısı yeni evlənənlərin xoşbəxt günündə sevinib əylənirdilər. Azərbaycan multikulturalizmini bundan daha yaxşı ifadə edən tablo təsəvvür etmirəm. Azərbaycana hər səfərimdən sonra bu qardaş ölkəyə sevgim daha da artır. Burda özümü evdəki kimi hiss edirəm. Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarımı dostlarıma, qohumlarıma, ailəmə danışmaqdan doymuram. İstəyirəm ki, onlar da Azərbaycana gəlib bu tarixi və mənəvi gözəllikləri öz gözləri ilə görsünlər. Arzu edərdim ki, özümə dost bildiyim hər kəs bu ölkəyə səfər edib buradakı multikultural, tolerant mühitin, Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olsun. Əminəm ki, Azərbaycana marağı olan hər kəs bu marağın tezliklə sevgiyə necə çevrilməsinə özü də mat qalacaq. Azərbaycana gəlib onu sevməmək, dost olmamaq mümkün deyil. Əminəm ki, buraya bir dəfə səfər edən ikinci dəfə də gələcək”.
O bildirib ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması beynəlxalq multikulturalizm yay və qış məktəbində iştirak edən gənclərin hamısının ürəyindən xəbər verdi. Çünki bu klub Azərbaycan multikulturalizmi, mədəniyyəti, tarixi, adət-ənənələri, Azərbaycan xalqının zəngin mənəviyyatı ilə əyani tanış olan hər kəsin rahatlıqla sözünü deyə biləcəyi ictimai tribunadır. Bu tribuna vasitəsilə qardaş ölkə Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırmaq, haqq işində ona dəstək olmaq hər bir azərbaycansevərin arzusudur.
C.Toker vurğulayıb: “Yay məktəbi müddətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bizimlə görüşü mənim üçün xüsusilə yaddaqalan oldu. Həmin görüşdə Dövlət müşaviri unudulmaz fikirlər səsləndirib: “Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan əvvəlki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq”. Dövlət müşavirinin bu sözləri sübut edir ki, Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir. Belə yüksək dəyər verilən dostlardan biri olduğum üçün fəxr edirəm”.

Multikulturalizm 2016-11-22 12:56:00