×
A
A
A
Sazlamalar

Los-Ancelesin Biola Universitetinin tələbələrinə Azərbaycanın tolerantlıq ənənələrindən danışılıb

Los-Anceles, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Los-Ancelesin ən qədim təhsil müəssisələrindən olan Biola Universitetində Azərbaycanın tolerantlıq və etiqadlararası harmoniya ənənələrinə dair tədbir keçirilib. Biola Universitetinin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev məruzə ilə çıxış edib.
Baş konsul Nəsimi Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb. Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər tutaraq əsasını qoyduğu müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul, həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmləndirilməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırır. N.Ağayev bildirib ki, Azərbaycan Prezidentinin bununla bağlı siyasi iradəsi artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz töhfələrini verməkdədir.
Baş konsul, həmçinin Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlar göstərərək bu ölkənin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən danışıb.
Universitetin mədəniyyətlərarası tədqiqatlar fakültəsinin dekanı Bulus Qaladima və həmin fakültənin professoru Riçard Starçer çıxış edərək hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və müxtəlif etiqadlar arasında güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıblar.
Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.
Tədbirdə iştirak edən erməni mənşəli tələbələrdən biri hazırda Ermənistan hakimiyyətində korrupsioner rejimin hökm sürdüyünü qeyd edərək, bu rejimin Azərbaycan və Ermənistan arasında sülhün bərpa edilməsinə əsas maneə olduğunu vurğulayıb.
Sonda universitetin tələbəsi, həvəskar musiqiçi Kristina Konrad Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i klarnetdə ifa edib. Milli musiqimizin bu əvəzolunmaz əsərinin amerikalı gənc qızın ifasında səsləndirilməsi tədbir iştirakçılarında böyük rəğbət hissi yaradıb.
Universitetin mətbu orqanı olan “The Chimes” qəzeti mühazirə ilə bağlı geniş məqalə dərc edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles

Multikulturalizm 2016-10-14 11:22:00