×
A
A
A
Sazlamalar

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Gəncə şəhərində “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” mövzusunda regional müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Müşavirədə bölgədə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib. Həmçinin ərazilərdə aparılan monitorinqlər zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə danışılıb. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün yaxınlıqda yaşayan kənd sakinlərinin, sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri mühüm əhəmiyyət kəsb edir.
Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Regionlar 2024-04-19 17:18:00