×
A
A
A
Sazlamalar

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Bakı, 18 aprel, AZƏRTAC
“Vyanaya orada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə getmişdim. Avropada bu qədər maraq görmək məni çox sevindirdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən sinxron şahmat turnirində 30 qrosmeysterlə oynayan Azərbaycanın millisinin kapitanı Günay Məmmədova deyib.
O bildirib ki, üçgünlük Vyana səfərində müxtəlif şahmat fəaliyyətləri ilə məşğul olub: “İlk gün Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirindəki oyunları şərh etdim. Növbəti gün isə 30 nəfərə qarşı sinxron şahmat oynadım. Rəqiblər kifayət qədər müqavimət göstərdi. Mənim üçün olduqca maraqlı təcrübə oldu. Son gün isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində şahmatın beynin inkişafına önəmini vurğulamaq adına diplomatlarla şahmat oynadıq. Vyana Şahmat Federasiyasının rəsmiləri ilə də görüşümüz oldu. Onlar Azərbaycan şahmat məktəbinin tarixi, onun nəticələrinə heyranlıqlarını ifadə etdilər. Vyanadakı Mədəniyyət Mərkəzinin bu sahədə aktivliyini xüsusi vurğuladılar. Onlar bu təşəbbüsü yüksək qiymətləndirir, daimi olmasını istəyirlər”.
24 yaşlı iti zəka sahibi Azərbaycanı ölkə xaricində təmsil etməkdən hər zaman qürur duyduğunu söyləyib: “Belə fəaliyyətlər mənə daha yaxşı və uğurlu olmaq üçün stimul verir. Fürsətdən istifadə edib tədbirlərin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bu cür tədbirlərin davamlı olacağına ümid edirəm”.
G.Məmmədova İddiaçılar Turnirində mübarizə aparan Nicat Abasovun çıxışı barədə də danışıb: “Hər kəs bilir ki, bu turnir çox stresslidir. Düşünürəm ki, Nicat digər şahmatçılardan daha az təcrübəyə malik olmağına baxmayaraq, yaxşı oyun göstərir. Bu yarış çox böyük təcrübədir. İnanıram ki, son turlarda daha yaxşı oyunlar izləyəcəyik”.
Qeyd edək ki, qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu olan Günay Məmmədova 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, hazırda isə kapitanıdır.

 

İdman 2024-04-18 12:19:00