“Paris-2024”ə vəsiqə qazanmış Azərbaycan yığmasının basketbolçusu: Nəticəmiz fantastikdir
Bakı, 17 aprel, AZƏRTAC
"Hələ də inana bilmirəm. Yazdığımız tarixi dəlilik adlandırardım. Sadəcə, fantastika idi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mersedes Volker “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaları barədə danışarkən deyib.
O, bütün oyunların gərgin keçdiyini vurğulayıb: "Turnirdən öncə anlayırdıq ki, burada zəif komanda yoxdur. Belə də oldu. Qələbə meydanda daha yaxşı mübarizə aparan tərəfin olurdu. Yarımfinal və final görüşləri inanılmaz alındı. Karyeram ərzində bu cür həyəcan yaşadığımı xatırlamıram".
38 yaşlı basketbolçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiyini bildirib: "Heyətdə olan oyunçular 2014-cü ildən birlikdə çıxış edirlər. Tarixi nəticə ilə qürur duyuruq. Formadakı adımıza deyil, Azərbaycan yazısına görə oynadıq. Bura mənim ikinci Vətənimdir. Xalqımıza möhtəşəm hisslər yaşatdığımız üçün xoşbəxtəm".
Qeyd edək ki, Azərbaycan millisi Honkonqda keçirilmiş təsnifat turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib. Komanda son oyunda Niderlanda uduzsa da, yarımfinala vəsiqə qazanıb. Yığma 1/2 finalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib.
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək