×
A
A
A
Sazlamalar

Ukrayna üçün güləşən Pərviz Nəsibov: Paris Olimpiadasında Azərbaycan finalı ola bilər - MÜSAHİBƏ

Bakı, 8 aprel, AZƏRTAC

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov ( 67 kiloqram ) AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu çıxış etdiniz və nəticədə “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazandınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Qazandığım nəticəyə görə çox xoşbəxtəm. Tokioda keçirilən Olimpiya Oyunlarında ikinci olmuşdum. Parisdəki hədəfim daha yuxarı yerdə qərarlaşmaqdır.
- Azərbaycanda təşkil olunan yarışda iştirak etmək və qalib olmaq sizə necə təsir bağışladı?
- Əlbəttə, Azərbaycanda, millətimin önündə qazandığım nəticə ilə qürur duyuram. Ukrayna üçün mübarizə aparsam da, qəlbim daim doğma ölkəmin yanında olub.

- Azərbaycanın yunan-Roma güləşçilərindən heç biri Bakıda Olimpiya lisenziyası qazana bilmədi. Sizcə, bunun səbəbi nədir?
- Azərbaycanda güləşin səviyyəsi çox yüksəkdir. Bu, idmandır, bəzən uğursuzluq olur. İnanıram ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək lisenziya yarışında yaxşı nəticə olacaq.
- Paris Olimpiadasında şanslarınızı necə qiymətləndirirsiniz?
- Artıq bir dəfə Olimpiya Oyunlarında gümüş medal qazanmışam. Bu il təşkil olunacaq yarışda da əsas məqsədim medal əldə etməkdir. Bütün fikrimi buna yönəltmişəm. Hər şeyin yaxşı olacağına inanıram.


- Fransada keçiriləcək nüfuzlu turnirdə 67 kiloqramda 2 azərbaycanlı güləşçi – Həsrət Cəfərov və siz mübarizə aparacaqsınız. Maraqlıdır, bu çəki dərəcəsində Azərbaycan finalı görə bilərikmi?
- Hər şey ola bilər. İstənilən rəqiblə görüşə hazıram. Mənim üçün xalçada kimin olacağı önəmli deyil. Ciddi hazırlaşıb nəticə qazanmaq istəyirəm.
- Bəs Azərbaycan güləşçilərinin Olimpiadadakı şansları barədə nə deyə bilərsiniz?
- İndidən nəsə demək tezdir. Hər bir idmançının yarışdakı nəticəsi onun keçəcəyi hazırlıq dövründən asılıdır. Ümid edirəm ki, "Paris-2024"də iştirak edəcək güləşçilər Azərbaycan xalqını sevindirməyi bacaracaqlar.



- Hazırda yunan-Roma güləşi üzrə Ukrayna yığmasında əslən azərbaycanlı olan 8 güləşçi mübarizə aparır. Hətta böyük məşqçiniz də azərbaycanlıdır. Ukraynada Azərbaycan güləşçilərinə bu qədər inam nədən qaynaqlanır?
- Ukraynanın 45 milyon əhalisi var. Bu ölkədə azərbaycanlıların sayı çoxdur və yerli insanlar bunu çox yaxşı qarşılayırlar. Əsas komanda ilə yanaşı, aşağı yaş qruplarında da Azərbaycandan olan güləşçilərə rast gəlmək olar. Məsələn, mənim qardaşım da U-13-də çıxış edir. Hazırda Avropa çempionatına hazırlaşır.

İdman 2024-04-08 13:07:00