×
A
A
A
Sazlamalar

Azərbaycan Şahmat Federasiyasında mümkün yeniliklər müzakirə olunub

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin bu il üçün ilk iclası keçirilib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, federasiya prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata və şahmatçılara daim diqqət və qayğı göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb.
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra Nicat Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib.
Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Gelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib.
İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın loqosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Azərbaycan Şahmat Federasiyasının nəzdində yaradılan Şahmat Akademiyasının fəaliyyəti barədə geniş məlumat verib. Akademiyada çalışan məşqçi və şahmatçıların hazırlıq proqramı açıqlanıb.
Sonda 2024-cü ildə keçiriləcək yarışların təşkilati işləri ilə bağlı məlumatlar dinlənilib.



İdman 2024-04-06 13:18:00