×
A
A
A
Sazlamalar

Ədalət Mustafayev: Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi dünya dövlətləri tərəfindən sükutla qarşılanıb

Bakı, 31 mart, AZƏRTAC

Ermənilərin azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri cinayətlərin baş verdiyi coğrafi areala nəzər saldıqda, onların silsilə xarakter aldığı və ermənilərdən bir alət kimi istifadə edildiyi görülür. 1917-ci il Rusiyada Fevral Burjua demokratik inqilabı qalib gəldikdən sonra yeni yaranmış bolşevik hökuməti periferiyalara qarşı daha qəddar davranaraq öz təsir dairəsini genişləndirmək, Bakını azərbaycanlıların təsir dairəsindən çıxarmaq, Bakı neftini öz əllərində cəmləmək istəyirdi. Bunun üçün xəyanətkar ermənilərə şərait yaradaraq Birinci Dünya müharibəsində təlim görmüş ermənilərdən ibarət hərbi hissələrin Bakıda yerləşdirilməsinə şərait yaradıldı. Bütün bunlar Bakı soveti və Rusiya bolşevik hökumətinin birgə fəaliyyəti nəticəsində həyata keçirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri Ədalət Mustafayev söyləyib.
O bildirib ki, 1918-ci il mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlının xüsusi amansızlıqla öldürüldüyünü deyən alim, Şamaxı qəzasının 58 kəndinin yandırıldığını, 8 mindən çox insanın, o cümlədən 1653 qadının və 965 uşağın öldürüldüyünü, Quba qəzasının 122 kəndinin yerlə-yeksan edildiyini diqqətə çatdırıb.
Şöbə müdiri deyib: “Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılıb, əhaliyə qəddarcasına divan tutulub. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılaraq yandırılıb. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 132 min azərbaycanlı qətlə yetirilib.
1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər bu qəzada onların yaşadıqları torpaqları Ermənistan ərazisi elan edərək, Azərbaycanın hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək qəzanın dağətəyi ərazilərində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirlər. N.Mixaylovun məruzəsində bildirilirdi ki, Cavanşir qəzasında yuxarıda göstərilən 12 azərbaycanlı kəndini tamamilə dağıtmaqdan əlavə, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu heyvan sürülərini zorla aparırlar. Məruzədə bu haqda çoxlu əyani faktlar sadalanır.
Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov rəhbərliyi altında işə başlayan komissiyanın materiallarından soyqırımının baş verməsini, həyata keçirilməsi üsullarını, ağlagəlməz erməni vəhşiliyinin təfərrüatlarını təyin etmək mümkün olur. Bu komissiya 1918-ci ilin Qanlı Mart hadisələrini, Şamaxıdakı vəhşiliklərini, İrəvan quberniyası ərazisindəki ermənilərin törətdiyi cinayətləri araşdırmağa başladı. Komissiyanın topladığı istintaq materialı erməni iddialarının əsas rolunu göstərən və erməni cinayətlərini ifşa edən ən gözəl tarixi sənədlərdir. Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının erməni talanlarından zərər çəkmiş Azərbaycan kəndlərinin təhqiqatı üzrə, Azərbaycan Fövqəladə İstintaq komissiyasının üzvü Mixaylovun məruzəsi əsasında ermənilərin Qarabağdakı separatçı hərəkətləri dəqiq faktlarla açılıb göstərilmişdi”.
Ədalət Mustafayev bildirib ki, “Azərbaycan” qəzeti 1919-cu il 17 may tarixli nömrəsində ilin əvvəlindən “Ararat Respublikasının hərbi hissələri Göyçə rayonunun, Yeni Bayazid qəzasının dinc müsəlman əhalisinə qarşı hücuma keçdiyini yazırdı: “Məqsəd Göyçə gölünün şərq və şimal hissəsini burada yaşayan müsəlmanlardan təmizləməkdir. Hazırda 60 min əhalisi olan 22 kənd dağıdılaraq yandırılıb, əhali isə tamamilə qırılıb. Göyçə müsəlmanlarını qırmağı qarşısına məqsəd qoyan və bunu yerinə yetirən erməni qoşunlarının atəşləri ilə bədbəxt müsəlman əhalisi rəhmsizcəsinə məhv olur. Erməni hökumətinin öz təbəəliyində olan müsəlman vətəndaşlarına qarşı belə vəhşiliklərini gördükdə adam dəhşətə gəlir. Erməni qoşunları əllərinə düşən müsəlmanları heç vəchlə buraxmır, ağlagəlməz işgəncələrlə onlara zülm edir. Qadınları, uşaqları, qocalan və gəncləri öldürürlər, əhalinin malı, dövləti acgöz erməni qoşunları tərəfindən ələ keçirilib, öz aralarında bölüşdürülür...”
Qətliam və soyqırımlarında iştirakçı və təşkilatçı olan Andranik Ozanyan və Stepan Şaumyan haqqında “qəhrəman” obrazı yaratmaq siyasətinin incələnməsi bu cinayətlərin təkcə ermənilərin “qəhrəman”lığı deyil, xarici güclərin köməyi ilə həyata keçirildiyindən xəbər verir.
Moskvada nəşr olunmuş “SSRİ-də vətəndaş müharibəsi və hərbi müdaxilə” (1987) Ensiklopediyasında Andranik Ozanyan (1865-1927) türk despotizminə qarşı erməni milli azadlıq hərəkatının xadimi kimi təqdim edilib. Onun fəaliyyəti barədəki məlumatda deyilir: “XIX əsrin 90-cı illərində Andranik Qərbi Ermənistanda qiyamçı qrupun rəhbərlərindən biri olub. 1907-ci ildən Qafqaz cəbhəsində rus ordusu tərkibində erməni könüllülər dəstəsinə komandirlik edib. 1917-ci ildə ona general-mayor rütbəsi verilib. 1918-ci ildə Ərzurumda türk ordusuna qarşı vuruşub. Sonra qaçqın erməniləri mühafizə edən millətçi hərbi hissələrin komandanı olub. 1918-ci ilin iyununda Naxçıvanı Sovet Rusiyasının ayrılmaz hissəsi elan etmişdi. İyulun 14-də S.G.Şaumyana bildirib ki, Sovet hökumətinin tapşırıqlarını yerinə yetirməyə hazırdır. Andranikin dəstəsi Zəngəzuru hücumlardan qoruyub. 1919-cu ilin aprelində öz dəstəsi ilə Eçmiədzinə gəlib. Daşnaklarla əməkdaşlıq etmək istəmədiyindən burada dəstəsini buraxıb, özü isə mühacirətə gedib”.
Təkcə Cənubi Qafqazda deyil, Şərqi Anadoluda, Cənubi Azərbaycan ərazisində həyata keçirilən soyqırımları yuxarıda söylənən fikirlərə əsas ola bilər. Birinci Dünya müharibəsində Türkiyənin şərqində yaşayan erməniləri tüfəng, pulemyot və toplarla silahlandıraraq quldur dəstələr yaradıblar. Onlar yerli dinc əhaliyə qarşı amansız mübarizə apararaq, 60 minə yaxın türk və kürd əhalisini məhv ediblər”.
Alim 1918-ci ilin mart-aprel soyqırımına əsl siyasi-hüquqi qiymətin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra verildiyini vurğulayıb. Bildirib ki, qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd hadisədən 80 il sonra qəbul edilib: “Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Fərmanda 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunasının Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur planı həyata keçirməyə başladığı qeyd edilir. Fərmana əsasən, həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük hissəsini xarabazarlığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilib, kəndlər dağıdılıb, milli mədəniyyət abidələri məhv edilib.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ikicildlik stenoqramı, Xarici İşlər Nazirliyinin sənədləri, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin, ADR-in Fövqəladə İstintaq Komissiyasının, Daxili İşlər Nazirliyinin, Qarabağ general-qubernatorluğunun materialları əsasında erməni vəhşiliyinin, soyqırımı haqqında faktların nə qədər dəhşətli olması təsdiqlənir. Aydın olur ki, bir kəndin, bir şəhərin, bir qəzanın əhalisini deyil, böyük bir coğrafiyada - Şərqi Anadoludan, Urmiyadan tutmuş Azərbaycanın şimalına qədər azərbaycanlıların kütləvi şəkildə öldürülməsi dünya dövlətləri tərəfindən sükutla qarşılanıb, insanlığa və bəşəriyyətə təhlükə olan erməni millətçiliyinə münasibət bildirilməyib”.

Elm və təhsil 2024-03-31 17:41:00