×
A
A
A
Sazlamalar

Quru Qoşunlarında daşqaldırma birinciliyi keçirilib

Bakı, 10 fevral, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən öncə komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Birdən və təkanla qaldırma üzrə 39 nəfər hərbi qulluqçunun iştirak etdiyi birincilikdə 7 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Daşqaldırma birinciliyində iştirak edən “Şəmkir”, “Bərdə” və “Hadrut” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edilib ki, qaliblər cari ilin mart ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

Ordu 2024-02-10 17:03:00