×
A
A
A
Sazlamalar

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadıoğlunun rəhbərlik etdikləri Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Türkiyəli qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini - qərargah rəisi polkovnik Məzahir Rüstəmovla görüşüblər.
Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Ordu 2024-05-06 20:05:00