×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun bir qrup yüksəkrütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir

Bakı, 2 fevral, AZƏRTAC

Qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər. Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Ordumuzun yüksəkrütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənaye şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Ordu 2024-02-02 18:19:00