×
A
A
A
Sazlamalar

Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir

Balakən, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun fındıq bağlarında məhsul yığımı mütəşəkkil davam edir. Havaların əlverişli keçməsindən istifadə edən bağ sahibləri məhsulun tez və itkisiz yığılması üçün səylə çalışırlar. İndiyədək bağlardan 1900 tonadək fındıq yığılıb. Builki mövsümdə fındıq bağlarından 6 min tondan çox məhsul tədarük olunması gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialının yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Bununla da bağların ümumi sahəsi 10 min 526,1 hektara çatdırılıb. Bu bağların 6 min 910 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 6 min 370,7 ton məhsul tədarük olunub. Hər hektar fındıq bağından orta hesabla 6 sentner məhsul götürülüb.
Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2,8-3 manat arasındadır.

Kənd təsərrüfatı 2023-08-22 20:19:00