×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılacaq

Bakı, 22 avqust, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər avqustun 23-də saat 11-də satışa çıxarılacaq.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları ötən ilin yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 606 reys həyata keçirilib, 24826 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

 

Nəqliyyat 2023-08-22 10:24:00