×
A
A
A
Sazlamalar

Azərbaycan dənizçiləri Panamadakı dənizçilik şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycanın “United Alliance Group” və “ZenithSurvey” şirkətlərinin nümayəndələri Panama Dəniz Administrasiyasının baş direktoru Rafael Cigarruista və Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyətinin idarə heyətinin sədri Javier Bru ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndələr Administrasiyanın baş direktorunu Arsenio Antonio Dominguez Velaskonun Beynəlxalq Dəniz Təşkilatının (İMO) baş katibi seçilməsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Görüşdə “United Alliance Group”un direktor müavini Asif Mehtiyev Panamadakı dənizçilik şirkətləri ilə əməkdaşlığın səmərəliliyinin artırılması barədə danışıb.
Panama Dəniz Administrasiyası tərəfindən “United Alliance Group” şirkətinə verilən səlahiyyət əsasında dənizçilər üçün tədris edilən kurslardan, dənizçilik sahəsi üzrə təlimlərin hazırkı səviyyəsindən bəhs edib. Görüş zamanı dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində “United Alliance Group”un göstərdiyi təmənnasız vasitəçilik (crewing) xidməti yüksək qiymətləndirilib.
Bununla yanaşı bildirilib ki, “United Alliance Group”un vasitəçilik xidməti Panamadakı dənizçilik şirkətlərinin peşəkar kadrlarla təmin olunmasına da töhfə verir. Belə ki, işə qəbulla bağlı “United Alliance Group”a müraciət edən dənizçilərə Panamadakı dənizçilik şirkətlərində də işə düzəlmə imkanı yaradılır.
Eyni zamanda, Panama Dəniz Administrasiyasının səlahiyyəti əsasında verilən sertifikatların azərbaycanlı dənizçilər üçün üstünlükləri qeyd olunub və Administrasiya tərəfindən yüksək qiymətləndirilib.
“United Alliance Group”un nümayəndələri öz növbəsində Panama Dəniz Administrasiyasının baş direktoru Rafael Cigarruistaya Panama bayraqlı gəmilərdə fəaliyyət göstərən azərbaycanlı dənizçilərə göstərilən diqqətə və onlar üçün yaradılan şəraitə görə təşəkkürünü bildiriblər.
Bu sahədə uğurlu əməkdaşlıq münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Daha sonra “ZenithSurvey”in direktoru Seymur Mirzəyev Xəzər, Qara və Aralıq dənizlərindəki bir sıra gəmilərdə şirkət tərəfindən aparılmış yoxlamalardan danışıb. Həmçinin Panama Dəniz Administrasiyasının yoxlamalarla bağlı sifarişlərinin icrasından bəhs edib.
Gələcəkdə bu sahədə “ZenithSurvey” şirkəti ilə Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin qurula biləcəyi qeyd olunub.
Sonda Panama dövlətinin dəniz ticarət donanmasındakı böyük əhəmiyyəti vurğulanıb. Panama Dəniz Administrasiyası və Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyəti ilə əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə əminlik ifadə olunub.

Nəqliyyat 2023-08-19 13:59:00