×
A
A
A
Sazlamalar

Kurık limanında taxıl və çoxfunksiyalı dəniz terminalları yaradılacaq

Bakı, 18 avqust, AZƏRTAC

Qazaxıstanın “Semurg Invest” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti ilə Kurık limanında taxıl terminalının və “Sarja” çoxfunksiyalı dəniz terminalının tikintisi üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutan əsas əməkdaşlıq şərtləri barədə saziş imzalayıb.
AZƏRTAC Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinə istinadla xəbər verir ki, layihənin icrası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükaşırma qabiliyyətinin ildə 10 milyon ton artırılmasına şərait yaradacaq.
“Bu gün gələcək terminalın ərazisində müvəqqəti saxlanc anbarı fəaliyyət göstərir, iki yanalma körpüsü, terminal sahəsinə giriş-çıxışlı dəmir yolu xətləri, taxıl terminalının birinci mərhələsi və əsas yük terminalının tikintisi başa çatıb. Tezliklə ilk yük partiyasının daşınması gözlənilir. Layihənin tam icrası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükaşırma qabiliyyətinin ildə 10 milyon ton artırılmasına şərait yaradacaq”, - deyə “Semurg Invest” şirkətinin baş direktoru Nurjan Marabayev qeyd edib.
Gözlənilir ki, “Sarja” terminalı 2025-ci ildə tikilib istifadəyə veriləcək. Beləliklə, ehtimal edilən xərclər özəl sərmayələr şəklində 154 milyard təngə (340,6 milyon ABŞ dolları) təşkil edir. Eyni zamanda, taxıl terminalı, maye və əsas yüklərin terminalı tikiləcək. Bununla yanaşı, eyni vaxtda 25 min ton taxıl bitkilərinin saxlanması şərtilə taxıl terminalının gücü ildə 1 milyon ton təşkil edəcək.
Qeyd edək ki, “AD Ports Group” Birləşmiş Ərəb Əmirliklərində on liman və terminala sahibdir və onları idarə edir.
“Semurg Invest” şirkəti Kurık limanında yerləşən “Sarja” çoxfunksiyalı dəniz terminalının sahibi və developeridir. Layihənin ümumi planlaşdırılan yükboşaltma gücü ildə 10 milyon ton təşkil edir.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya uzanır. 2022-ci ildə Xəzər dənizi ilə Orta Dəhliz vasitəsilə 1,5 milyon ton yük daşınıb. Bu yüklər Qazaxıstanın Kurık və Aktau, Azərbaycanın Ələt və Hövsan limanları vasitəsilə daşınıb.

Nəqliyyat 2023-08-18 22:22:00