×
A
A
A
Sazlamalar

Paytaxtın daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 108 A nömrəli “Azadlıq prospekti” metro stansiyası – Görədil qəsəbəsi şəhərətrafı müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər sentyabrın 18-də saat 17-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən 1 Lot üzrə baxılacaq. Marşrutun qrafiki haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Nəqliyyat 2023-08-18 18:09:00