×
A
A
A
Sazlamalar

Şəkili fermerlər indiyədək 1863 ton quru tütün istehsal ediblər

Şəki, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Şəkili fermerlər mövsümün əvvəlindən indiyədək 1863 ton quru tütün istehsal ediblər. İstehsal olunan quru tütünün 397,2 tonu tədarükçü müəssisələrə təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.
Bildirilib ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1467 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 1019 hektar sahədə “Virciniya botaniki”, 448 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 217 hektar artıb.
Hazırda rayonda 500-dək fermer tütünçülüklə məşğul olur. Tütünçülük təsərrüfatlarında 1500 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 274 ədəd tütünqurutma kamerası var. Dərilən “Virciniya botaniki” növlü yaş tütün sahələrdən birbaşa emal məntəqələrinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli növ tütün isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2023-08-18 03:10:00