×
A
A
A
Sazlamalar

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi istehsalçılardan 1194 ton yaş tütün qəbul edib

Zaqatala, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala və Qax rayonlarında 388,9 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 1194 tonadək yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 45 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 238 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə fermerlər fərdi müqavilələr üzrə şirkət tərəfindən verilmiş toxumla təsərrüfatlarında 150,9 hektar sahədə tütün əkiblər.
Fermerlərdən Təranə Quliyeva indiyədək qəbul məntəqəsinə 154 ton, Həsən Abdullayev 74,6 ton, Əzizxan Şabanov 70,6 ton, Mustafa Qallayev 65,2 ton, Fərid Qalayev 62,2 ton, Şamsu Bayramova 60,2 ton yaş tütün təhvil veriblər.
Məntəqədən verilən məlumata görə, 2022-ci ildə müəssisədə 311 ton quru tütün istehsal olunub. Məhsul əsasən Rusiya bazarlarına ixrac olunub.

Kənd təsərrüfatı 2023-08-15 20:19:00