×
A
A
A
Sazlamalar

Fermerlərə müjdə: Şəkər çuğundurunun tədarük qiyməti artırılıb

Bakı, 14 avqust, AZƏRTAC

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində daha bir addım atılıb. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC tərəfindən 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsüm üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.
Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 faiz şəkərliliklə 65 manatdan 69 manata, 13 faiz şəkərliliklə 68 manatdan 72 manata, 14 faiz şəkərliliklə 73 manatdan 77 manata, 15 faiz şəkərliliklə 77 manatdan 81 manata və 16 faiz şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.
Qeyd edək ki, 2023-cü təsərrüfat ilində respublikanın 22 rayonunda 4534,9 hektar şəkər çuğunduru əkilib.

Kənd təsərrüfatı 2023-08-14 15:27:00