×
A
A
A
Sazlamalar

Balakənli kümçülər iki gündə qəbul məntəqəsinə 2,1 tondan çox yaş barama təhvil veriblər

Balakən, 30 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk iki günündə kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə 2 ton 131,4 kiloqram yaş barama təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 32 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün 249 kümçü ilə müqavilə bağlanılıb, onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 800 qutu, yəni 15,2 kiloqram ipəkqurdu paylanılıb.
İlkin olaraq məntəqəyə rayonun Katex kənd sakini Çingiz Balayev 102,6 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 38 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Mövsümün ilk günlərində Qazma kəndindən Rasim Hətəmov məntəqəyə 141 kiloqram, Qullar kəndindən Şahin Novruzov 127 kiloqram, Katex kəndindən Bəşir Nuriyev 65,5 kiloqram, Nazxanım Qalayçıyeva isə 59,8 kiloqram yaş barama təhvil veriblər.
Rayonda yaş barama tədarükü davam edir.

Kənd təsərrüfatı 2023-05-30 15:17:00