×
A
A
A
Sazlamalar

Lənkəranda ilk çay yığımına başlanılıb FOTO VİDEO

Lənkəran, 26 may, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranda mövsümün ilk çay yığımına başlanılıb. May ayında havaların yağıntılı keçməsi yaşıl çayın yığımını bir qədər gecikdirsə də, sahələrdən bol məhsul götürüləcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, may ayının ilk həftəsindən Lənkəranın çay plantasiyalarında ilk çay yığımına start verilib. Rayonun Osaküçə kəndində ümumi sahəsi 50 hektar olan çay sahəsi müasir suvarma sistemləri ilə təchiz edilib. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanılması üçün bütün lazımi aqrotexniki qulluq göstərilib. Ötən il çay plantasiyasından 80 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il daha çox məhsul toplanılması qarşıya məqsəd qoyulub. May ayında yığılan çay yarpaqları ən keyfiyyətli məhsul sayılır.
Aqronom Mirağa Həsənov 5 ildir bu sahədə çalışır. Deyir ki, əkin sahəsi 5 ildir salınıb, lazımi qulluq edilib: “Çay bitkisi 8-10 ildə tam məhsula düşür. Gübrə verilib, yaxşı qulluq olunub. Çayın kiloqramı 60 qəpikdən alınır. May ayından oktyabra qədər çay yığılır”.
Sahələrdə çay yığımının ilkin mərhələsi olduğu üçün hazırda burada 30-a yaxın işçi çalışır. Gün ərzində 50-60 kiloqram yaşıl çay yarpağı toplayan işçilər 30-35 manat qazanc əldə edirlər. Kifayət qədər təcrübəli olan çaydərən xanımlar məhsulun itkisiz və keyfiyyətlə toplanılmasına xüsusi diqqət yetirirlər.

Kənd təsərrüfatı 2023-05-26 17:40:00

Video