×
A
A
A
Sazlamalar

Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünün uzanmasına səbəb olacaq

Qax, 17 may, Mustafa Dadaşov, AZƏRTAC

Şimal-qərb bölgəsinin digər rayonları kimi, Qaxda da kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.
Builki mövsümdə Qax rayonunda yaş barama istehsalının 16 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 260-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 400 qutu, yəni 7,6 kiloqram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında, eyni zamanda, Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdlarının yemlənməsi prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri stansiyada, həmçinin ailə təsərrüfatlarında olub, ipəkqurdunun yemlənməsi prosesi ilə maraqlanıb.
Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, müəssisədə tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının - elit və superelit toxumun hazırlanması üçün damazlıq barama yetişdirilir. Hazırda ayrı-ayrı otaqlarda iki cinsdən olan ipəkqurdunun yemlənməsi həyata keçirilir. İpəkqurdları dördüncü yaş dövründədir. Hər cinsdən 100-110 kiloqram yaş barama gözlənilir. Bu cinslərdən alınacaq baramadan çıxan kəpənəklər daha sonra stansiyada cütləşdirilərək hibrid toxum hazırlanacaq və növbəti mövsümdə kümçülərə paylanılacaq.
Direktorun sözlərinə görə, son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağması, temperaturun aşağı düşməsi ipəkqurdunun barama sarıma dövrünün bir neçə gün uzanmasına səbəb olacaq. Ümumiyyətlə, dağlıq ərazilərdə yerləşən rayonlarda barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.
Son illər rayonun digər yaşayış məntəqələri kimi, Əmircan kəndində də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində zəruri işlər görülüb. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsmayıl Qasımovun bildirdiyinə görə, əhalinin baramaçılıq sahəsində yaxşı təcrübəsi var, sakinlər əvvəllər də bu işlə məşğul olublar. Builki mövsümdə 20 kümçü ailəsinə 27 qutu, yəni 513 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə kənddə yaş barama istehsalının 1 tondan çox olacağı gözlənilir.
Kənd sakini Elbrus Mirzəbəyov üçüncü ildir ki, baramaçılıqla məşğul olur. Kümçü AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq sərfəli və gəlirli sahədir, qısa müddətdə çəkdiyin zəhmətin bəhrəsini görürsən. Ailə ötən il 40 qram ipəkqurdunun bəslənilməsi ilə məşğul olub, 90 kiloqram yaş barama istehsal edib. Bir ay müddətində ailə baramaçılıqdan min manatadək gəlir götürüb. Builki mövsümdə isə kümçü ailəsi 50 qram ipəkqurdu bəsləyir. Ailə bu il yaş barama istehsalını daha da artırmağı qarşıya məqsəd qoyub.

 

 

Kənd təsərrüfatı 2023-05-17 15:31:00