×
A
A
A
Sazlamalar

Ermənistandakı hazırkı ağır vəziyyətin səbəbkarı bu ölkənin hakimiyyətinin yarıtmaz siyasətidir

Strasburq, 24 aprel, AZƏRTAC 

Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi duruma salıb. Ölkədəki kütləvi etiraz aksiyalarının səbəbi də məhz hakimiyyətin bu yarıtmaz siyasətidir.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Sevinc Fətəliyeva qeyd edib ki, bu gün bütün nəzərlər Yerevana yönəlib. Ermənistanın vilayətlərində nələr baş verdiyini kim bilir? Erməni hüquq müdafiəçiləri sosial şəbəkələrdə informasiya paylaşaraq, kütləvi həbslərdən xəbər verirlər.
Son hadisələr zamanı Yerevanda saxlanılanlar dövlət binalarını əhatəyə alanlardırsa, digər şəhərlərdə sadə nümayişçilər saxlanılır və onlara qarşı zor tətbiq olunur. Əlbəttə ki, bu Ermənistan hakimiyyəti tərəfindən açıqlanmır, ancaq ölkənin hüquq müdafiə təşkilatları bununla bağlı ciddi narahatlıqlarını bildirirlər. Yerevan paytaxtdır, buna görə baş verən hər şey diqqət mərkəzindədir, lakin digər şəhərlərdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır.
Deputat vurğulayıb ki, bu, Ermənistanda ilk böyükmiqyaslı etiraz aksiyaları deyil, əvvəllər də yüz minlərlə insan etiraz aksiyaları keçirib və hər dəfə nümayişçilər şiddətli basqıya məruz qalıblar. Beynəlxalq təşkilatlar və inkişaf etmiş demokratik ölkələr baş verənlərə olduqca yumşaq reaksiya göstərirlər. Dünya ictimaiyyətinin laqeydliyi nəticəsində Ermənistan hökuməti onilliklər ərzində fəaliyyətini davam etdirib, siyasi gücdən istifadə edərək bütün səlahiyyətləri öz əlində saxlamaq üçün hakimiyyət formatını dəyişib. Bu gün Ermənistanda mövcud özbaşınalığa qarşı baş verən kütləvi etiraz aksiyaları böyük əks-səda doğurub.
“Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb”, - deyə S. Fətəliyeva vurğulayıb.

 


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Siyasət 2018-04-24 00:35:00