×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Türkiyə Görmə Əngəllilər İdman Federasiyası arasında memorandum imzalanıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə qurumun cüdo üzrə milli komandası Antalyada keçirilən İBSA dünya kuboku yarışlarında iştirak edir.
ARMPK-dan AZƏRTAC-a bildiriblər ki, İ.Rəhimov səfər çərçivəsində beynəlxalq təşkilatların və bir sıra ölkələrin Milli Paralimpiya komitələrinin rəhbərləri ilə görüşüb. Aprelin 23-də Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Türkiyə Görmə Əngəllilər İdman Federasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu İlqar Rəhimov və Hasan Sayyıdan imzalayıblar.
Memorandumda birgə iş fəaliyyəti qurmaq, 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplantılarının keçirilməsi, cüdo, atletika, üzgüçülük və qolbol idman növlərinə texniki, nəzəri və praktiki dəstəyin verilməsı, beynəlxalq tədbirlərdə birgə iş və digər məsələlər əksini tapıb.
İmzalanma mərasimində İlqar Rəhimov bildirib ki, Türkiyənin müvafiq federasiyası ilə əməkdaşlıq Azərbaycan Milli Paralimpiya Komitəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Milli komandamız Antalyada keçirilən İBSA dünya kuboku yarışlarına Azərbaycan Cüdo Federasiyasının və “Neftçi” İdman Klubunun dəstəyi ilə qatılıb.
Qeyd edək ki, Türkiyə Görmə Əngəllilər İdman Federasiyası qardaş ölkədə fəaliyyət göstərən ən böyük paralimpiya federasiyasıdır və görmə qabiliyyəti məhdud paralimpiyaçı idmançılara hərtərəfli dəstək verir.

İdman 2018-04-23 19:50:00