×
A
A
A
Sazlamalar

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkəmizin dünyada nüfuzunu daha da artırır

Bakı, 23 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin aprelin 11-də keçirilmiş seçkilərdə inamlı qələbə qazanması Azərbaycan xalqının ötən 15 il ərzində ölkəmizdə əldə edilən nailiyyətlərə verdiyi qiymətdir. Müharibə şəraitində yaşayan, torpaqlarının iyirmi faizi işğal edilmiş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan kiçik bir ölkənin öz müstəqil siyasətini davam etdirərək qazandığı nailiyyətlər onun tutduğu yolun düzgünlüyündən, dövlətə rəhbərlik edən liderin siyasi əzm və qətiyyətindən, xalqla Prezidentimizin birliyindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Xatirə Hüseynova bildirib. O deyib ki, Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin gələcək inkişafı ilə bağlı çoxlu mesajlar verdi. Dövlət başçısı ötən 15 ildə ölkəmizdə görülən işlərlə bərabər, gələcəkdə görüləcək işlərin istiqamətləri barədə aydın mənzərə yaratdı. Görülən və görüləcək işlər Azərbaycan Respublikası vətəndaşlarının rifah içində, təhlükəsiz, sabit yaşamasını təmin etməkdir. Dövlətimizin başçısı sosial-iqtisadi uğurların gələcəkdə də davam edəcəyini bildirdi.
Xatirə Hüseynova dövlətimizın başçısının yoxsulluğun aradan qaldırılması üçün gördüyü işlərin xüsusi qeyd edilməli olduğunu deyib. Bildirib ki, bu istiqamətdə də xeyli uğurlara nail olunub. Belə ki, yoxsulluq 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faizdir. İqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft sektorunda olan ixrac 4 dəfə artıb. Valyuta ehtiyatlarımız 24 dəfə artıb və hazırda 44 milyard təşkil edir. Ölkəmizə ümumilikdə 230 milyard sərmayə qoyulub.
2014-2015-ci illərdə qlobal maliyyə böhranının təsirləri Azərbaycanda özünü göstərdikdə dövlətimizin başçısı islahatların həyata keçirilməsi ilə bağlı dərhal strateji qərarlar verdi. Ölkəmizdə enerji, nəqliyyat, kommunal infrastruktur, sosial, o cümlədən davamlı inkişafın əsasını təşkil edən təhsil, səhiyyə, idman müəssisələri inşa olunub. Elm və təhsil sahəsində infrastruktur müasirləşdirilib. Bu istiqamətdə ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan innovasiya sayəsində də öz mövqelərini xeyli möhkəmləndirib. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə apardığı işlər nəticəsində xeyli uğurlar əldə olunub və bu işlər hazırda da səylə davam etdirilir. Bütün bu işləri nəzərə alaraq Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Şəffaflıq, operativlik, səmərəlilik örnəyi olan Azərbaycan brendi “ASAN xidmət” nümunəsi artıq digər ölkələr tərəfindən də qabaqcıl təcrübə kimi qəbul edilir və tətbiq olunmağa başlayıb. Bu baxımdan artıq Azərbaycanın intellektual məhsulun ixracatçısına çevrildiyini demək olar.
Azərbaycanda biznes mühitinə olan inamın bariz nümunəsi dünya enerji bloku ilə “Yeni hasilatın pay bölgüsü” Sazişinin imzalanması idi. Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti Azərbaycanın maraqlarına cavab verən yeni bir sazişin imzalanması kimi möhtəşəm bir qərarla müşahidə olundu. Bu saziş sayəsində Azərbaycana 40 milyard dollarlıq vəsait yönəldiləcək. Görülən bütün işlər Azərbaycanın qeyri-neft sektorunda qarşıya qoyulan bütün hədəflərin reallaşmasına və iqtisadiyyatın şaxələndirilməsinə gətirib çıxaracaq. Dünyanın aparıcı şirkətləri investisiya yatırımlarına qərar verərkən bütün bu amilləri nəzərə alırlar. Bu baxımdan Azərbaycan münbit şəraiti ilə seçilir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkəmizin dünyada nüfuzunu daha da artırır.

İqtisadiyyat 2018-04-23 18:46:00