×
A
A
A
Sazlamalar

Ağcabədidə meyvə bağları salınır

Ağcabədi, 23 aprel, AZƏRTAC

Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən bu il 130 hektar sahədə meyvə bağları salınacaq.
Müəssisədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, artıq yaz mövsümündə 50 hektar sahədə nar və tut tingləri əkilib. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 0,23 hektarda xurma meyvələrin toxumları səpilib. Kökləndirmək üçün 2,6 hektarda 98 min ədəd nar, 10 min zeytun, 25 min qovaq, 2 min salxım söyüd qələmi basdırılıb. 50 hektarda böyütmə sahəsi yaradılıb, 13 kiloqram toxum tədarük edilib.
Payız mövsümündə 80 hektarda ərik, armud, gilənar, alça, xurma və tut ağaclarının əkilməsi, 1,07 hektarda tinglik, 0,5 hektarda böyütmə sahəsinin yaradılması nəzərdə tutulur.
Rayon ərazisində Regional Meşə Tingliyi Mərkəzi tərəfindən də meyvə bağları salınır. Belə ki, yaz mövsümündə 2 hektar sahədə meyvə tingləri əkilib, 0,06 hektarda səpin şöbəsi, 2 hektarda çilik kökləndirmə sahəsi, 0,6 hektarda böyütmə şöbəsi yaradılıb.
Aprelin 17-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə Ağcabədidə aztəminatlı ailələr üçün 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlili arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Kənd təsərrüfatı 2018-04-23 18:40:00