×
A
A
A
Sazlamalar

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışın keçirilməsi ilə bağlı müraciət edib

Bakı, 23 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı əhaliyə müraciət edib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir. “VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və MDB ölkələrinin istehsalı olan digər minik avtomobilləri üzrə baxış müddəti yanvarın 1-dən mayın 1-dək müəyyən edilib. Aprelin son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq olunan cərimələri ödədikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyyətdə təqdim olunması vacibdir.
Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və BDYPİ-nin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və nəqliyyat vasitələri sahiblərinin diqqətinə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

Sosial 2018-04-23 18:42:00