×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş yığıncaq keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun direktoru, akademik Ramiz Məmmədov AXC-nin yaranma tarixindən söz açıb. Qeyd olunub ki, genişmiqyaslı demokratik islahatlar həyata keçirən AXC milli ordusunu yaradıb, qadınlara seçib-seçilmək hüququ verib, maarif, səhiyyə, mədəniyyət sahəsində geniş tədbirlər həyata keçirib. Akademik bildirib ki, Azərbaycan Demokratik Respublikası iki istiqamətdə - yaranma tarixi və müstəqillik illəri müstəvisindən baxılmalı və tədqiq edilməlidir.
Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev “Tariximizin şanlı səhifəsi” mövzusunda təqdimatla çıxış edib. O, tarixi faktlarla Azərbaycan Cümhuriyyətinin yarandığı mühitin əsas məqamlarını qeyd edib, həmin dövrdə Zaqafqaziya Seymi adlanan idarəçilik qurumunun üzvü olan respublikaların müstəqillik aktları və onların sonrakı fəaliyyətinə aydınlıq gətirib. Məruzəçi həmin dövrdə respublika ərazisində erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı və vəhşiliklərdən danışıb, ərazilərimizin təmizlənməsində türk ordusunun əhəmiyyətli yürüşlərini qeyd edib.
Milli Məclisin deputatı Tahir Kərimli, AXC-nin, eləcə də soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə böyük abidə komplekslərinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Elm və təhsil 2018-04-23 18:31:00