×
A
A
A
Sazlamalar

Heydər Əliyev prospektində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur VİDEO

Bakı, 23 aprel, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində -“Sabunçu yol qovşağı”ndan “Böyükşor yol qovşağı”nadək olan ərazidə təmir-tikinti işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metrdir.
Təmir-tikinti işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri, ümumilikdə 100 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.
Qeyd olunub ki, işlər “Sabunçu yol qovşağı”ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Bu üzdən həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb və digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işləri yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə analoji işlər görüləcək.
Təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılır. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayırıcının kənarlarına 4200 poqonmetr yeni səki daşları düzülür, üstünə isə 6400 kvadratmetr sahəyə isə tamet daşları döşənir.
Təmir-tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə və tərtib olunmuş qrafikə uyğun aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Tikinti̇ 2018-04-23 18:23:00

Video