×
A
A
A
Sazlamalar

Maksim Oreşkin: Azərbaycan məhsullarının Rusiyaya idxalı yaxın bir neçə ildə bir neçə dəfə artacaq

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan məhsullarının Rusiyaya idxal həcmi yaxın bir neçə ildə bir neçə dəfə artacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin yerli jurnalistlərə müsahibəsində səsləndirib.
O deyib: “Ticari-iqtisadi münasibətləri inkişaf etdirmək üçün Rusiya ilə Azərbaycanın böyük potensialı var. Bu potensialı reallaşdırmaq üçün biz hər bir istiqamətdə çox sıx çalışmalıyıq”.
M.Oreşkin qeyd edib ki, Azərbaycana əvvəlki səfərində ticari-iqtisadi əməkdaşlığa mane olan məsələlərin həlli ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə razılaşma əldə olunmuşdu. O deyib: “Ticarət həcminin, Rusiya məhsullarının Azərbaycana, Azərbaycan məhsullarının Rusiyaya ixrac həcminin xeyli genişlənməsində təzahür edən yaxşı nəticələr var”.
Rusiyalı nazirin sözlərinə görə, Azərbaycandan Rusiyaya məhsul idxalı 2018-ci ilin əvvəlindən 50 faiz artıb, halbuki digər MDB ölkələrindən idxal yalnız 6 faiz artır.
Azərbaycan məhsullarının Rusiyaya idxal həcminin yaxın bir neçə ildə bir neçə dəfə artacağını proqnozlaşdıran nazir deyib: “Bunun üçün potensial var. Biz qarşılıqlı ticari-iqtisadi fəaliyyətin sadələşdirilməsi, Azərbaycanın tranzit potensialından, habelə texnologiyalardan birgə istifadə olunması, Azərbaycan Respublikasının ərazisində birgə istehsalın yaradılması məsələləri istiqamətində də planauyğun şəkildə hərəkət etməyə hazırlaşırıq”.
Nazir məlumat verib ki, Rusiya-Azərbaycan sərhədindəki Samur çayı üzərindən körpünün tikintisi 2019-cu ilin birinci rübündə başa çatacaq.

 

İqtisadiyyat 2018-04-23 17:45:00