×
A
A
A
Sazlamalar

Roman Qrojan: Ümidvaram ki, Bakıda bütün işlərimiz qaydasında olacaq

Bakı, 23 aprel, AZƏRTAC

“Haas F1” komandasının yürüşçüsü Roman Qrojan AZƏRTAC-a müsahibəsində Bakı trasının xüsusiyyətləri barədə danışıb. Azərbaycan Qran-Prisinə hazırlaşan pilot, nəhayət, bu yürüşdə xal qazana biləcəyinə ümid edir.
-Bu mövsümdə siz yaxşı sürət nümayiş etdirirsiniz, amma nəticələr barədə bunu demək çətindir. Lakin siz komanda ilə artıq tanışsınız, maşının imkanlarını hiss edirsiniz. Bu, qarşıdakı yürüşə nikbin tərzdə hazırlaşmağa imkan verir, çünki siz lazımi nəticəyə nail olmaq üçün daha bir imkan əldə edirsiniz...
-Elədir, mənim fikrimcə, VF-18 həqiqətən yaxşı maşındır, komanda isə öz vəzifələrinin öhdəsindən uğurla gəlir. Amma hələlik bəxtimiz gətirmir. Üç yürüşün hər birində biz finiş xəttinə ilk onluqda çatmaq fikrində idik, amma buna bir dəfə də nail ola bilmədik. Əlbəttə, yaxşı haldır ki, bu maşının xallar uğrunda mübarizə aparmağa imkan verdiyini başa düşürük, bilirik ki, bunun üçün hər cür imkan var. Bilirəm ki, müəyyən anda hər şey qaydasına düşəcək. Ümid edirəm ki, bu hadisə Bakıda olacaq.
-Artıq aydındır ki, VF-18 maşınında sürət sarıdan hər şey qaydasındadır. Bu, həm “Ferrari” mühərriki ilə, həm də şassinin ümumi balansı ilə izah edilir. Bu həftənin sonunda Azərbaycan paytaxtında nəyə ümid edirsiniz, axı bu tras öz konfiqurasiyasının xarakterinə görə iki müxtəlif trasın kombinasiyasıdır.
-Bakı trası bütün başqa traslardan ciddi fərqlənir. Trasın düzxətli hissəsi uzun olanda, hər şey maşının maksimum sürətindən asılıdır, amma qalanın dövrəsində trasın əyri-üyrü hissəsində gedərkən yaxşı balans lazımdır. Bir sözlə, maraqlı olacaq.
Keçən il “Baku City Circuit”də biz o qədər də yaxşı çıxış etmədik, indi komandanın nə dərəcədə irəlilədiyini görmək istəyirik. Ümumiyyətlə, Azərbaycan Qran-Prisi çox maraqlı keçir, çünki bu trasda müxtəlif hadisələr baş verə bilər. Həmişə yaxşı imkanlar yarana bilər, biz də onlardan istifadə etməyə çalışacağıq.
-İlk üç Qran-Pridə iki dəfə “Ferrari”, bir dəfə “Red Bull Racing” nümayəndəsi qalib gəlib. Çempion olan “Mercedes” komandası isə hələlik öz qələbələri ilə öyünə bilmir. Görünür, üç top-komandanın imkanları təxminən bərabərdir, lakin eyni sözləri pelotonun orta hissəsində mübarizə aparanlar barədə də demək olar. Siz bu vəziyyəti necə şərh edərdiniz?
-Məncə hadisələr çox maraqlı ssenari üzrə inkişaf edir. Liderlər qrupunda gərgin mübarizə gedir, pelotonun orta hissəsindəki komandalar liderlərdən xeyli geri qalır, lakin onların arasında da kəskin rəqabət gedir. Bir yürüşdə “Renault” komandası, digərində “Toro Rosso”, növbəti yürüşdə isə “Haas” və ya “McLaren” irəli çıxa bilər. Bütün bunlar çox maraqlıdır və biz ən kiçik səhvə də yol verməməliyik, hər şeyi düzgün etmək lazımdır. Seçmə yarışlarda saniyənin onda bir hissəsi uğrunda da mübarizə aparmaq lazımdır ki, əsas yürüşlərdə maksimum yüksək mövqedən start götürə bilək.
-Məncə, orta qrupda liderlik məsələsi hələlik açıq qalır. “Haas” pelotonun orta hissəsində ən yaxşı komanda olmağa iddia edirmi?
-Ümidvaram ki, biz bu istiqamətdə işləyirik. Mövsümün sonunda buna nail ola bilsək əla olar.
-“Haas F1” komandasının bütün mövsüm ərzində yüksək sürəti qoruyub saxlaması üçün nə etmək lazımdır?
-Bunun üçün maşını modernləşdirmək, yenilikləri tətbiq etmək və bizim potensialımızın 100 faiz cəlb olunmasını təmin etmək lazımdır. “Haas” öz şassilərini təkmilləşdirmək üçün intensiv iş aparan böyük komandalarla rəqabət aparır və biz bu səviyyədə işləməliyik.
-Bakı trasında yanacaq sərfinin yüksək olacağı gözlənilir. Yürüşçülərin finiş xəttinə dəqiq çata bilməsi üçün hansı tədbirlər görülməlidir?
-Mühərrikin müxtəlif iş rejimlərindən istifadə etmək üçün bizim müəyyən imkanlarımız var. Bundan əlavə, bəzi məsələlər maşının idarə edilməsi stilindən asılıdır. Tormozlama nöqtələri arasında qazı azaltmaq və müəyyən müddət “diyirlənə-diyirlənə” getmək yanacağa qənaət etməyə imkan verir. Lakin əgər trasda təhlükəsizlik avtomobili görünərsə bunu etmək lazım deyil, problem öz-özünə aradan qalxacaq. Hərçənd, yürüş müddətində təhlükəsizlik avtomobilinə ehtiyac olmadıqda yanacaq məsələsi mürəkkəbləşə bilər.
-2019-cu ildə maşının bakına doldurula biləcək yanacağın miqdarını artıraraq 105 kq-dan 110 kq-a çatdırmaq qərara alınıb. Bu, Qran-Pri distansiyasında yürüşçülərin sona qədər hücuma keçə bilməsi üçündür. Bu əlavə 5 kq yanacaq nə verə bilər? Doğrudanmı bu halda yürüşçülər daha sərbəst olacaq və istənilən anda hücuma keçə biləcəklər?
-Mənim fikrimcə, bu düzgün qərardır. Formula 1 pilotları yanacağa qənaət barədə düşünmək istəmirlər. Onlar startdan finişə qədər hücumda olmaq istəyirlər. Müəyyən anlarda rezini qorumaq lazım gəlir. Bu halda benzinə qənaət etmək mümkün deyil, ona görə də yanacaq ilə bağlı sərt məhdudiyyətlər ləğv edilsə, rezin xeyli yaxşılaşar, bu amillərin ideal əlaqələndirilməsi yürüşün daha maraqlı olmasına kömək edər.
-Sizin fikrinizcə, Bakı trasının hansı hissəsi daha mürəkkəbdir və hansı hissə daha çox xoşunuza gəlir?
-Bu, çox mürəkkəb trasdır. Mənim fikrimcə, qalanın dövrəsindəki seksiya daha mürəkkəbdir. Burada tras çox ensizdir və enli maşınla getmək çox çətindir. Ümumiyyətlə, trasın bu hissəsi mənə daha xoş təsir bağışlayır. Bu, ən mürəkkəb hissədir. Orada sürət xeyli yüksəkdir və bu döngələri keçmək üçün yaxşı balanslaşdırılmış, tormozlama anında sabitliyi ilə fərqlənən maşın lazımdır. Hər şey düzgün yerinə yetirilsə, orada pilotluq etmək çox maraqlıdır.

İdman 2018-04-23 16:32:00