×
A
A
A
Sazlamalar

Tərəflər Cənubi Koreya və KXDR sammitini tam razılaşdırıblar

Bakı, 23 aprel, AZƏRTAC

Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında görüş aprelin 27-də səhər saatlarında başlayacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Cənubi Koreya Prezidenti administrasiyasının rəsmi nümayəndəsi bildirib. Onun sözlərinə görə, müvafiq razılaşma aprelin 23-də hər iki ölkə başçısının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda əldə olunub.
Administrasiya nümayəndəsinin sözlərinə əsasən, KXDR tərəfi liderlərin görüşünün bir hissəsinin televiziya efirində canlı yayımlanmasına razılıq verib.
Xatırladaq ki, Cənubi Koreyanın nümayəndə heyəti martın 5-də Pxenyanda KXDR lideri Kim Çen Inla görüşüb. Danışıqların gedişində iki ölkə liderinin sammiti barədə razılıq əldə olunub. Şimali Koreya, həmçinin ABŞ prezidenti ilə də analoji görüş keçirməyə hazır olduğunu bildirib. Kim Çen Inla Donald Trampın görüşü bu ilin may və ya iyun ayında baş tuta bilər.
Aprelin 21-də Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasında nüvə və raket sınaqlarını, həmçinin Punqeridəki nüvə poliqonunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul olunub.

Dünya 2018-04-23 16:13:00