×
A
A
A
Sazlamalar

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib VİDEO

Bakı, 23 aprel, AZƏRTAC 

Aprelin 23-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Ziyad Səmədzadə İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, xalqımız Azərbaycanın dinamik inkişafına, sabitliyə səs verərək, Prezident İlham Əliyevə etimad göstərdiyini növbəti dəfə nümayiş etdirdi.
Ziyad Səmədzadə bildirib ki, gündəliyə iqtisadi sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.
Parlament Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, 13-cü maddənin 5-ci və 6-cı hissələri yeni redaksiyada verilir. Burada deyilir ki, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qeyd olunub ki, Qanuna nəzərdə tutulan düzəlişlər “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədilə edilib. Bu məqsədlə “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara da müvafiq düzəlişlər olunub.
İclasda iştirak edən maliyyə nazirinin müavini Emin Hüseynov “Mühasibat uçotu haqqında” Qanuna edilən dəyişikliklərin mahiyyəti barədə danışıb. Bildirilib ki, ölkəyə xarici investisiya axınının artırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini aktuallaşdırıb. Mühasibat uçotunun idarəetmədə mühüm amil olmasını nəzərə alaraq, mühasibat uçotunun daha yüksək səviyyədə aparılması, maliyyə, vergi və digər hesabatların tərtib edilməsinin təkmilləşdirilməsi, peşəkar mühasiblər təbəqəsinin yaradılması məqsədilə “Mühasibat uçotu haqqında” Qanuna bir sıra dəyişikliklər təklif olunur. Belə ki, qanuna Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”nın tələblərinin nəzərə alınması, mühasibat uçotu sahəsində fəaliyyət göstərən mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi məqsədilə bir sıra yeni anlayışlar əlavə olunub.
Bildirilib ki, beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün layihədə Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğv edilməsi nəzərdə tutulub. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini özündə ehtiva edən müddəaların yeni redaksiyada verilməsi, maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar beynəlxalq standartlara keçidin özündə əks etdirilməsi, habelə beynəlxalq standartlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunan və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sadələşdirilmiş forması olan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı müddəalar layihəyə daxil edilib. Bununla ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək. Sənəddə peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı məqamlar öz əksini tapıb.
Sonra “Müflisləşmə və iflas haqqında” Qanundakı dəyişikliklərə baxılıb. Diqqətə çatdırılıb ki, dəyişikliklər borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb. Bu, öz növbəsində, iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların tələblərinin daha dolğun ödənilməsinə imkan yaradacaq. Təklif olunan dəyişikliklərdə, həmçinin sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələblər və ərizəyə əlavə olunan sənədlərin dairəsi müəyyənləşdirilir.
Müzakirələr zamanı komitə üzvləri təqdim olunan qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar və sənədləri Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İqtisadiyyat 2018-04-23 15:39:00

Video