×
A
A
A
Sazlamalar

Batumidə NATO-nun 97-ci Rouz-Rout seminarı işə başlayıb

Tbilisi, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci Rouz-Rout seminarı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstanın hökumət və dövlət rəsmiləri, parlamentin deputatları, NATO PA-nın üzvləri və assosiativ üzvləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Azərbaycanı bu seminarda Milli Məclisin deputatı Məlahət İbrahimqızı təmsil edir.
NATO PA-nın prezidenti Paolo Ali, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri İrakli Kobaxidze, xarici işlər naziri Mixail Canalidze, müdafiə naziri Levan İzoria, Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze və başqaları seminarda çıxış edib, regionda və dünyada gedən proseslərdən danışıblar.
İki gün davam edəcək seminarda yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-Atlantik məkana inteqrasiya və digər məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.
Deputat Məlahət İbrahimqızı tədbirdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2018-04-23 15:00:00