×
A
A
A
Sazlamalar

Şirvan şəhərində birinci rübün yekunları müzakirə olunub

Şirvan, 23 aprel, Mahir Babayev, AZƏRTAC 

Kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-nin Şirvan Təchizat Bazası tərəfindən 2018-ci ilin I rübündə ümumi dəyəri 9724 min manatlıq 200 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən ümumi dəyəri 4423 min manatlıq 73 ədəd maşın mexanizm lizinq yolu ilə güzəştli qiymətlərlə pambıq istehsalı ilə məşğul olan müəssisə və kənd təsərrüfatı məhsulları istehsalçılarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktları Şirvanda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov səsləndirib.
Bildirilib ki, cari ilin birinci rübündə Şirvanda ümumi məhsul buraxılışı 145 milyon 618.6 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 12,1 faiz çoxdur. Ümumi məhsul buraxılışında sənayenin payı 97 milyon 756,9 min manat, digər sahələrin payı isə 32,9 faiz olub. Sənaye məhsulunun 50,5 faizi və ya 49 milyon 357.6 min manatı dövlət, 49,5 faizi və ya 48 milyon 399.3 min manatı qeyri-dövlət sektorunun payına düşüb. Hesabat dövründə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün mailiyə mənbələri hesabına əsas kapitala 598.5 min manat vəsait yönəldilib ki, bunun da 577.8 min manatı və ya 96,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Vurğulanıb ki, hesabat dövründə əhalinin normal elektrik enerjisi və təbii qazla təchizatı, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə də diqqət artırılıb.
Çıxışlarda qeyd olunub ki, Şirvan şəhərinin sosial iqtisadi inkişafında əldə olunan nailiyyətlərin davam etdirilməsi daim diqqət mərkəzində saxlanılacaq və qarşıya qoyulan bütün tapşırıqların icrası son nəticədə şəhər əhalisinin firavan və rahat yaşamasına, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Yığıncaqda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.

Regionlar 2018-04-23 13:42:00