×
A
A
A
Sazlamalar

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 16 hərbçi və polis öldürülüb

Bakı, 23 aprel, AZƏRTAC

Əfqanıstanda “Taliban” hərəkatı silahlılarının iki hücumu nəticəsində güc strukturlarının azı 16 əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, “Tolo News” telekanalının yaydığı məlumata görə, hadisə aprelin 22-də gecə saatlarında Baqdis vilayətində qeydə alınıb.
“Taliban” döyüşçülərinin hücumu zamanı Kalayi-Nau şəhərindəki nəzarət-buraxılış məntəqəsində 9 hərbçi, Kads rayonundakı postda isə 7 polis əməkdaşı öldürülüb.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Dünya 2018-04-23 13:38:00