×
A
A
A
Sazlamalar

Şirvanda 180 ədəd su sayğacı oğurlayan dəstənin üzvləri “isti izlər”lə saxlanılıblar

Bakı, 23 aprel, AZƏRTAC
Vətəndaşların narazılığına səbəb olan su sayğaclarının oğurlanmasının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış binalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub.
Oğurluqları törətməkdə şübhəli bilinən dörd nəfərdən ibarət dəstə üzvləri polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda müəyyənləşdirilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.
Su sayğaclarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

 

 

Hadisə 2018-04-23 13:29:00