×
A
A
A
Sazlamalar

Ukrayna nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə Bakıda səfərdə olan Kiyev və Xarkov şəhərlərinin aparıcı texniki ali məktəblərinin professor və müəllimlərindən ibarət nümayəndə heyəti aprelin 23-də Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə güllər qoyublar. Azərbaycanın Milli Qəhrəmanı, əslən Xarkovdan olan Viktor Seryoqinin də xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, azərbaycanlıların “Xalq Diplomatiyası İnstitutu” İctimai Təşkilatının Elmi Şurasının İdarə Heyətinin rəhbəri Arif Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlığın qurulması, təcrübə mübadiləsi, təcrübə və praktikaların təşkili, Ukrayna və Azərbaycanın aparıcı texniki ali məktəbləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə ölkəmizdə səfərdədir.

Elm və təhsil 2018-04-23 13:18:00