×
A
A
A
Sazlamalar

“İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO

Bakı, 23 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC
Aprelin 23-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “dəyirmi masa”nın çox əhəmiyyətli və aktual bir mövzuya həsr olunduğunu deyib. Bildirilib ki, bu il 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilir. Bununla bağlı Dünya Əqli Mülkiyyət Təşkilatının açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın səyləri nəticəsində hər gün həyatımızı zənginləşdirən və bilik sərhədlərimizi genişləndirən yeni ideyalar, faydalı kəşflər və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda, dizayn və s.) qadınlar daim mədəniyyət konsepsiyasının özünü yenidən dərk edərək, bədii və yaradıcılıq ifadəsinin hüdudlarının axtarışı ilə bizi yeni dünyaların kəşf olunmasına və qavranılmasına sövq edirlər.
Kamran İmanov Müəllif Hüquqları Agentliyi tərəfindən Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq 18 ildir ki, qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu günlə bağlı keçirilən tədbir, görüş, “dəyirmi masa”, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əqli mülkiyyətin əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdir.
AQUPDK-nın sədri səlahiyyətlərini icra edən Hicran Hüseynova isə qadınların ailə və cəmiyyətdəki aparıcı mövqeyindən, onların dövlət quruculuğunda fəal iştirakından danışıb.
İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına MHA və AQUPDK-nın fəxri fərmanları təqdim edilib.
Tədbirdə Kamran İmanovun “Qadınlar innovasiya və yaradıcılıqda: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, müzakirələr aparıblar.

Sosial 2018-04-23 11:26:00

Video